Gürcüstan hökuməti ölkənin qərbindəki rayonlarda qaz kəmərlərinin SOCAR Gas Georgia şirkətinə birbaşa satışını təsdiqləyib. Bu qərar çərçivəsində şirkət qaz kəmərlərini 19,8 milyon lariyə (təxminən 7 milyon ABŞ dolları) alacaq. Müvafiq sərəncamı Baş nazir İrakli Kobaxidze imzalayıb.
Söhbət İmereti, Quriya və Sameqrelo-Zemo Svaneti bölgələrinin kəndlərində yerləşən 41 qaz kəmərinin özəlləşdirilməsindən gedir. Özəlləşdirmə prosesi 17 il üçün nəzərdə tutulub və dövlətə ödənişlər 2032-ci ildən başlayacaq.