Cümə, 16 Avqust 2024 14:11

Rəşad Abasov “KOB gömrük anbarı”nın açılışında iştirak edib

İdxal sahəsində KOB subyektlərinin işinin daha da asanlaşdırılması məqsədilə “Bakı KOB evi”ndə Dövlət Gömrük Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşəbbüsü ilə “KOB gömrük anbarı” yaradılıb. Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından istifadə edə bilərlər.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov anbarın fəaliyyəti ilə tanış olublar.  

Qeyd edək ki, “Bakı KOB evi”ndə fəaliyyət göstərən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur.

“KOBİA və digər dövlət qurumlarının eyni sahədə xidmət göstərməsi belə bir anbarın yaradılmasına zərurət yaratdı. Son bir ildir ki bu layihənin üzərində aktiv işlər görülür və son 6-7 aydır ki eyni anbar daxilində həm “ASE”nin öz anbarı, həm də “KOB gömrük anbarı” fəaliyyətə başlayıb”, - açılışda iştirak edən "ASE Asya Afrika Hızlı Karqo ve Dağıtım" MMC-nin direktoru Rəşad Abasov bildirib.

“Hal-hazırda biz Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə prosesin gedişatını izləyirik və artım müşahidə edirik. Ümid edirəm ki, yaxın gələcəkdə göstərilən xidmətlərin və anbarların sayı daha da artaraq, bu isə öz növbəsində kiçik və orta biznesin nümayəndələrinin ehtiyaclarını maksimal dərəcədə qarşılayacaq”, - Rəşad Abasov qeyd edib.

Read 266 times Last modified on Cümə, 16 Avqust 2024 10:51