24 noyabr tarixində Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb. Bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir. Belə ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.
İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.
Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.