Bazar ertəsi, 30 Sentyabr 2024 10:18

“Caspian Energy Club” və “Aqualink” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə IV Xəzər Su İnnovasiya Forumu çərçivəsində sözügedən forumun əsas çağırışlarını daim gündəmdə saxlamaq və il ərzində müxtəlif silsilə tədbirlər və layihələr keçirmək məqsədi ilə “Caspian Energy Club” və “Aqualink” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Aqualink” MMC-nin icraçı direktoru və IV Xəzər Su İnnovasiya Forumunun sədri Orxan Mikayıl iştirak ediblər.

Su ehtiyatları sahəsində innovasiyalara həsr olunmuş bir sıra müxtəlif tədbirlərin təşkilində əməkdaşlıq niyyəti haqqında memorandumun imzalanması, su ehtiyatlarının idarə edilməsində qabaqcıl həllərin inkişafına dair mühüm bir addım kimi qiymətləndirilir. Bu barədə sənədin imzalanması zamanı Telman Əliyev bəyan edib.

“Bu sənəd, ekoloji və iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edən su ehtiyatlarının davamlı istifadəsini və mühafizəsini təmin edə biləcək innovativ yanaşmaların və texnologiyaların axtarışında “Caspian Energy Club” ilə “Aqualink”in səylərinin birləşdirilməsi üçün möhkəm bir zəmin yaradacaq. Biz bu forumu yalnız Azərbaycanda deyil, həm də “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi bir çox digər ölkələrdə davam etdirməyi planlaşdırırıq”, - deyə Telman Əliyev vurğulayıb.

“Xəzər Su İnnovasiya Forumu çərçivəsində “Aqualink” və “Caspian Energy Club” arasında imzalanmış əməkdaşlıq memorandumu su sənayesində yeni texnologiyaların, beynəlxalq təcrübələrin, dövlət-özəl əməkdaşlığın və sektor üzrə maarifləndirmənin genişləndirilməsi üçün yeni imkanlar yaradacaqdır. Əməkdaşlıq çərçivəsində yerli şirkətlər üçün müxtəlif tipli təbliğat və təşviqat tədbirlərinin təşkili, sudan səmərəli istifadə və suya qənaət edən texnologiyalar barədə maarifləndirmə işlərinin təşkili nəzərdə tutulmuşdur. Bununla yanaşı əməkdaşlıq çərçivəsində ölkəmizi su ehtiyatlarının idarəedilməsi və təkmilləşdirilməsi sahəsində regional mərkəzə çevrilməsi üçün xaricdə də təbliğat işlərinin aparılması, Xəzər Su İnnovasiya Forumunun beynəlxalq (regional) səviyyəli platformaya çevrilməsi planlaşdırılır”, - Orxan Mikayıl vurğulayıb.

Bununla yanaşı, dövlət qurumları ilə sıx əməkdaşlıq edərək, sahə üzrə müvafiq islahatlarda özəl sektorun rolunun artırılması üzrə də addımların atılması nəzərdə tutulmuşdur.

Xatırladaq ki, IV Xəzər Su İnnovasiya Forumu regionda su təssərüfatının effektiv idarəedilməsi, yeni texnologiyaların tətbiqi, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün müzakirə və əməkdaşlıq platforması yaratmağı hədəfləyir. Tədbirdə su ehtiyatlarının qorunması, ekoloji sistemə təsirlərin minimuma endirilməsi və təbii ehtiyatların səmərəli istifadəsi ilə bağlı müzakirələr aparılıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 “Aqualink” şirkəti peşəkar su mühəndisliyi və kimyəvi maddələrin təchizatı sahəsində 2010-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət su, çirkab su təmizləmə sistemləri, suların fiziki və kimyəvi təmizlənməsi, təkrar emalı, mühəndisliyi, nasos və nasos stansiyaların quraşdırılması sahəsində uzunillik təcrübəyə və ixtisaslaşmaya malikdir.

“Aqualink şirkəti” ölkədə ən geniş sahəvi nümayəndəliklərə və beynəlxalq səviyyədə tanınarlığa malikdir. Şirkət 53-dən artıq beynəlxalq su və kimya texnologiyaları və həlləri təqdim edən şirkətlərin regionda rəsmi tərəfdaşı və eksklüziv nümayəndəsidir.

 “Aqualink” şirkəti idarəetmədə beynəlxalq keyfiyyət siyasətini tətbiq etməklə şirkət daxili və şirkət xarici xidmətlərinin yüksək səviyyədə tətbiqini həyata keçirir. Şirkətimiz İSO 9001:2015,  ISO 14001: 2015 sertifikatlarına malikdir.

Read 177 times Last modified on Bazar ertəsi, 30 Sentyabr 2024 10:21