“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Culfa şəhərində dəmiryol infrastrukturunun mövcud vəziyyəti ilə tanış olub.
İran rəsmiləri ilə müzakirələr zamanı hər iki ölkənin iştirakı ilə Araz çayı üzərindən dəmiryol körpüsünün inşasına toxunulub, bu layihənin İran ərazisindən keçməklə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcəyi və dayanıqlı quru yol əlaqəsini təmin edəcəyi qeyd edilib.
Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsi və ortaq maraq dairəsində olan məsələlərin həlli üçün birgə addımlar haqqında da fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.