Понедельник, 14 Октябрь 2024 16:30

"Caspian Energy Club" Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvana səfər təşkil edib

"Caspian Energy Club" "LEF Network Azerbaijan" layihəsi çərçivəsində Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvan Muxtar Respublikasına “Business Tour” təşkil edib. Bu barədə “Caspian Energy Club”ın baş icraçı direktorun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov bildirib.

İşgüzar səfərdə Latviya, Estoniya və Finlandiyadan olan şirkət rəhbərləri, bu ölkələrin Ticarət Palatalarının nümayəndələri iştirak ediblər. “Business Tour” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti, Naxçıvan Dövlət Universiteti və "Caspian Energy Club"ın birgə təşkilatçılığı ilə “International B2G Forum” baş tutub. 

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev,  Naxçıvan Dövlət Universitetinin rektorunun müşaviri Rəcəb Cəfərli, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasına daxil olan sahibkarlar və bir sira ekspertlərin iştirakı ilə keçən “International B2G Forum”da iştirakçılara Naxçıvanın investisiya potensialı, "yaşıl" enerji, dayanıqlı inkişaf, Naxçıvanda istehsal olunan məhsullar və yeni layihələr və s. aktual mövzular haqqında ətraflı məlumat verilib.

Rasim Mahmudovun sözlərinə görə, “International B2G Forum”un əsas məqsədi xarici şirkət nümayəndələri ilə yerli dövlət və özəl sektorun nümayəndələri arasında networking əlaqələrinin yaradılmasıdır. “Bu forum, xarici şirkətlərə Azərbaycanın bölgələrinin iqtisadi potensialı və ticarət imkanları ilə yaxından tanış olma imkanı təqdim edir”, - Rasim Mahmudov əlavə edib.

“International B2G Forum”un sonunda yerli iri və orta biznes subyektləri ilə sözügedən ölkələrdən olan şirkətlər arasında B2B görüşlər keçirilib. B2B görüşlərdə iştirakçılar öz sahələrindəki trendləri və bazar tələblərini müzakirə edərək qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırıblar. 

“Əvvəlki “Business Tour”da biz məhsulların ixracı və idxalı mövzularını müzakirə etdik, lakin bu missiyada diqqətimizi daha çox "yaşıl" texnologiyaların tətbiqinə və onların davamlı inkişafına yönəltdik. “Yaşıl” texnologiyalarla bağlı innovativ həllərin araşdırılması və tətbiqi, şirkətlərin bazar rəqabətində üstünlük qazanmasına imkan yaradır. Bu yolda irəliləmək üçün, iştirakçılar arasında əməkdaşlığın artırılması və networking-in gücləndirilməsi  zəruridir”, - Rasim Mahmudov bildirib.

Davam edən “Business Tour” çərçivəsində Naxçıvanda yerləşən günəş enerjisi panelləri və digər müasir istehsal prosesləri ilə tanışlıq məqsədilə yerli müəssisələr ziyarət olunub. Ziyarət zamanı iştirakçılar müasir avadanlıqlarla tanış olub, günəş enerjisinin istifadəsinin faydaları, bu texnologiyanın regiondakı tətbiqi və davamlı inkişaf perspektivləri barədə məlumat əldə ediblər. Həmçinin, yerli istehsalçılarla əməkdaşlıq imkanları müzakirə edilib.

“Caspian Energy Club” olaraq biz regional inkişafa töhfələrimizi verməyə davam edirik. Bu məqsədlə Latviya, Estoniya və Finlandiyadan olan tərəfdaş şirkətlər üçün “Business Tour” təşkil olunmuşdur. Bizim məqsədimiz, davamlı inkişaf və "yaşıl" texnologiyalar sahəsində yeni əməkdaşlıqlara imza atmaqdır”, - deyə Rasim Mahmudov bildirib.

Bu səfər “LEF Network Azerbaijan” layihəsi çərçivəsində bu il Latviya, Estoniya və Finlandiya sahibkarın Azərbaycana etdiyi ikinci səfərdir. Hər il oktyabr ayında "Caspian Energy Club" regionlarımızın təqdim etdiyi geniş imkanları işıqlandırmaq və onların dinamik inkişafını əks etdirmək məqsədilə regional "Business Tour"lar təşkil edir. Bu səfərlər, yalnız iqtisadi əlaqələri gücləndirmək deyil, eyni zamanda müasir texnologiyaların və innovativ həllərin bölgələrimizdə necə tətbiq olunduğunu nümayiş etdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib. Keçən ildən başlayan layihə növbəti 3 il ərzində "yaşıl" texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, "yaşıl" texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə “Caspian Energy Club”ın  fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 

Read 276 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ