Четверг, 03 Октябрь 2024 10:09

“Caspian Energy Club” və AMEC şirkəti arasında anlaşma memorandumu imzalanıb

Yaşıl dünya naminə, yaşıl hidrogenin dəniz və yer nəqliyyatında istifadəsinə dair layihələrin birgə icrası üçün “Caspian Energy Club” və AMEC şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, memorandum “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə IV Xəzər Su İnnovasiya Forumu çərçivəsində imzalanıb.

İmzalanma mərasimində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, həmçinin AMEC şirkətinin baş icraçı direktoru Rəşad Şəkərov iştirak ediblər.

“BMT-nin 2030-cu ilə qədər dayanıqlı inkişaf strategiyası kontekstində yaşıl hidrogendən istifadəyə yönəlmiş layihə son dərəcə aktualdır. Beynəlxalq platforma olaraq, bu təşəbbüsü təşviq etmək və layihəyə investorları cəlb etmək niyyətindəyik. Məqsədimiz planetimizin bərpasını, inkişafını, parlaq gələcəyini təmin etmək və ətraf mühiti qoruyaraq onu gələcək nəsillərə ən yaxşı şəkildə ötürməkdir. Bu memorandumun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində imzalanması xüsusi əhəmiyyət daşıyır və bu layihə ölkəmizdə keçiriləcək COP29-un məqsədlərinin uğurlarından biri ola bilər”, - deyə çıxışında Telman Əliyev bildirib.

Rəşad Şəkərovun sözlərinə görə, ekoloji sistemə əhəmiyyətli təsir göstərən, havanı NOx qazı ilə çirkləndirən 400-ə yaxın yerli və yüzlərlə beynəlxalq gəmi Azərbaycanın dəniz limanlarına üz tutduğunu nəzərə alsaq, gəmiçilik sənayesi üçün BMT-nin 2030 və BDT-nin ekoloji qaydaları və standartları ilə bağlı hədəflərinə uyğun ciddi tədbirlərin görülməsi çox vacibdir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alternativ enerjidən istifadəni inkişaf etdirmək üçün ətraf mühitin mühafizəsi istiqamətində ciddi addımlar atır və bərpaolunan enerji proqramının təşviqinə yönəlmiş bir sıra dövlət fərmanları verib. AMEC öz təşəbbüsü və məsuliyyəti ilə bir sıra tədqiqatlar aparıb və gəmilərdə bərpaolunan enerji üzrə dövlət proqramını dəstəkləməyə hazırdır. Təkcə ortaölçülü gəminin istehsal etdiyi karbon emissiyalarının 1 milyon avtomobilə bərabər olduğunu nəzərə alsaq, onun ətraf mühitə olan təsirini qiymətləndirmək heç də çətin deyil. Gəmilərdə bərpaolunan alternativ enerjiyə keçid və hidrogen yanacaq elementlərinin/akkumlyatorlarının quraşdırılması nəticəsində yanacaq sərfiyyatı 10-25 faizə qədər, karbon emissiyası isə 80 faizə qədər azalacaqdır”, - deyə Rəşad Şəkərov əlavə edib.

Layihənin əsas məqsədi, dəniz və atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə gəmilərdə klassik enerji mənbələrinin mayeləşdirilmiş təbii qazla, hidrogenlə əvəz edilməsidir.

AMEC yaşıl enerji layihəsi ilə gəmilərdən atmosferə atılan karbon dioksidinin minimuma endirilməsi şərtilə və hidrogen yanacağının yüngül qaz olması səbəbindən yanma zamanı ondan üç dəfə çox istilik almağı mümkünlüyünü nəzərə alaraq, gəmilərin mühərriklərinə hidrogen yanacaq elementlərinin/akkumlyatorlarının quraşdırılması nəticəsində həm yanacaq sərfiyyatını, həm də karbon emissiyasını azaltmağı qarşısına məqsəd qoyub.

“Bildiyiniz kimi, bu layihə yaşıl enerji sahəsinə yönəldilib. Uzun illərdir ki, “Caspian Energy Club”ın fəal üzvüyük və bu müddət ərzində bir sıra uğurlu layihələrə imza atmışıq. Klubun ekoloji mövzuya olan həssas və məsuliyyətli yanaşması, yaşıl enerji sahəsində təşkil etdiyi silsilə tədbirlər bizim üçün əvəzolunmaz bir qaynaq olub. Məhz bu səbəbdən AMEC şirkəti “Caspian Energy Club”la bu memorandumun imzalanması qərarını verib. Digər bir səbəb isə dövlət qurumlarından gözlədiyimiz əməkdaşlıqdır ki, biz “Caspian Energy Club”ın bu dialoqun qurulmasında bizə dəstək olacağına tam əminik. Bu əməkdaşlığın nəticəsində ekoloji dayanıqlılığı artırmaq, yeni layihələr reallaşdırmaq və yaşıl enerji sahəsindəki bilik və təcrübəmizi genişləndirmək imkanını qazanacağımıza inanıram”, - deyə Rəşad Şəkərov çıxışını yekunlaşdırıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

“Azerbaijan Maritime Engineering and Construction” (AMEC) şirkəti 2014-cü ildə yaradılıb və bütün növ gəmi yoxlamaları, gəmi və dəniz mühəndisliyi, dəniz layihələrinin idarə olunması, layihələr üçün tələb olunan gəmilərin icarəsi və idarəçiliyi, gəmiçilik və dəniz sahəsində tikinti istiqamətləri üzrə xidmət göstərir. Şirkətin balansında “AMEC-6” və “AMEC-24” barjaları var. Şirkətlər qrupu olaraq fəaliyyət göstərən “AMEC Group”a “AMEC Logistics”, “Lux Catering”, “The Captains Corner”, “Galley” və “AMEC Properties” daxildir.

 

Read 277 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ