Четверг, 16 Май 2024 18:23

Praqada 18-ci Beynəlxalq Caspian Investment Forum Prague 2024 işə başlayıb

Mayın 16-da Praqada 18 məruzəçinin iştirakı ilə 18-ci Beynəlxalq Caspian Investment Forum Prague 2024 işə başlayıb.  Bu barədə Caspian Energy Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov bildirib.

Bu, indiyədək keçirilən forumlar arasında rekord sayda məruzəçisi olan forumdur. İştirakçılar qeydiyyatdan sonra Praqa Konqres Mərkəzinin zalında təqdim olunan incəsənət və kitab sərgisi ilə tanış olublar.

Azərbaycan Yazıçılar Birliyinin, Britaniya Poeziya Cəmiyyətinin, Avropa Yazıçılar Konqresinin üzvü, “Natavan” cəmiyyətinin yaradıcısı, Azərbaycanın Əməkdar Artisti, tanınmış şairə Leyla Begimin, eləcə də Azərbaycan Respublikası əməkdar incəsənət xadimi Bəhram Bağırzadənin kitabları forum iştirakçılarında böyük təəssürat yaradıb.

Forumun moderatoru olan Çexiyadakı Financial Chain Corporation-ın regional meneceri Teymur Axundovun salamlama nitqindən sonra forum öz işinə başlayıb. Azərbaycan Respublikasının Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, Türkiyə Respublikasının Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış, Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman  Əliyev və Financial Chain Corporation-ın idarəedici tərəfdaşı, Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov tədbir iştirakçılarını salamlayıb və belə bir tədbirin ölkələr arasında iqtisadi əlaqələrin inkişafına əhəmiyyətini vurğulayıblar.

 “Hüquqi mühit: Aİ-nin mürəkkəb normativ-hüquqi bazasında oriyentasiya və onun sərhədləri daxilində fəaliyyət göstərən bizneslərə təsirinin anlaşılması” adlanan birinci sessiyada məruzəçi qismində Çexiya Sənaye və Ticarət Nazirliyinin Xarici İqtisadi Siyasət Departamentinin direktoru Martin Postpisil, iqtisadçı, məsləhətçi, Çexiya-Ukrayna Ticarət və Sənaye Palatasının keçmiş sədri Petr Krumphanzl və Xarici İnvestisiya Assosiasiyasının sədri Kamil Blazek çıxış etdilər.

Qeyd edək ki, tədbirin məqsədi ölkələr arasında işgüzar əlaqələrin genişləndirilməsi, investisiya və əməkdaşlıq üçün yeni imkanların yaradılması, həmçinin müxtəlif ölkələrin biznes mühiti haqqında fikir mübadiləsinin aparılmasıdır. Həm dövlət qurumlarının nümayəndələrinin, həm də biznes mühitinin potensial tərəfdaşlarının iştirakı ilə keçirilən forumun təşkilatçıları Joint Bridges və Caspian Energy Club Czechia, platin sponsoru isə Financial Chain Corporation-dır. Foruma rəsmi dəstək Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyi və Türkiyə Respublikasının Çex Respublikasındakı səfirliyi tərəfindən göstərilir. Forumun sponsorları Energazer, Philips və Evintel-dir.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 568 times Last modified on Пятница, 17 Май 2024 06:08

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ