Saturday, 28 December 2024 15:05

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisə təsis edilib

“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in həyata keçirilməsi məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC arasında “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisənin Bakı şəhərində yaradılmasını nəzərdə tutan “Təsis Müqaviləsi” imzalanıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, Özbəkistanın energetika nazirinin müavini Umid Mamadaminovun iştirakı ilə hibrid formatda baş tutan mərasimdə sənəd “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin idarə heyətinin sədri Nabi Aytjanov və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin idarə heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb.

“Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisə “yaşıl enerji”nin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı (“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”) layihəsinin texnik-iqtisadi əsaslandırmasının hazırlanmasından irəli gələn zəruri tədbirləri həyata keçirəcək. Müəssisə regionda bərpa olunan enerji layihələrinin, dayanıqlı enerji sistemlərinin və beynəlxalq enerji dəhlizlərinin inkişafını gücləndirmək istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.     

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 23 times Last modified on Saturday, 28 December 2024 11:38

 

NEWS