Çərşənbə, 17 İyul 2024 11:19

SOCAR “Azər-Türk Bank”ın səhmlərinin 51 faizini almağı planlaşdırır

16 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Caspian Energy Media SOCAR-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə “Hasilat və İşlənmə” biznes seqmenti üzrə görülmüş işlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlara dair təqdimat edilib.

Daha sonra iclasda SOCAR-ın “Yeni Əməliyyat Modeli”nin icrasının hazırkı vəziyyətinə dair təqdimat dinlənilib. SOCAR-ın idarəetmə strukturunun təkmilləşdirilməsi və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlərin önəmi qeyd olunub.

Görüşdə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.

Read 318 times