Bazar ertəsi, 21 Oktyabr 2024 11:02

"Caspian Energy Club"ın təşkil etdiyi "Central Baltic – Azerbaijan Business Forum" uğurla başa çatıb

"Caspian Energy Club"ın təşkilatçılığı ilə "LEF Network Azerbaijan" layihəsi çərçivəsində "Green Technology and Sustainable Development" mövzusunda Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş "Central Baltic – Azerbaijan Business Forum" keçirilib. Bu barədə “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov məlumat verib.

Mərkəzi Baltik regionunu təmsil edən Latviya, Estoniya və Finlandiyanın işgüzar nümayəndələrinin iştirakı ilə keçirilən "Central Baltic – Azerbaijan Business Forum", davamlı texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş önəmli bir tədbir olaraq diqqət çəkib.

"Central Baltic – Azerbaijan Business Forum"da moderatorluq vəzifəsini icra edən Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı Layihələri departamentinin direktoru Liqa Sıçeva, bu cür tədbirlərin regional əməkdaşlığı gücləndirmək baxımından əvəzsiz rolunu vurğulayıb. “Bu forum, bizə yalnız iqtisadi əlaqələri inkişaf etdirmək deyil, eyni zamanda, yeni dostluq əlaqələri qurmaq imkanı da verdi”, – deyə Liqa Sıçeva açılış nitqində bildirib.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, Estoniya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Yaak Lensment, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov tərəfindən salamlama nitqləri söylənilib.

Açılış nitqlərindən sonra latviyalı, estoniyalı və finlandiyalı mütəxəssislər "LEF Network Azerbaijan" layihəsi və regionda yaşıl texnologiyaların inkişafı ilə bağlı təqdimatlar keçirib, iştirakçılara innovativ nou-hau və yeni standartlar haqqında məlumat təqdim ediblər.

“LEF Network Azerbaijan” layihəsi - regional yaşıl texnologiya sektoru”, Mərkəzi Baltik videosu (Liga Sıçeva), “Latviyada yaşıl texnologiyalar: “davamlı inkişafa doğru yol” (“RCG Lighthouse”un həmtəsisçisi Kaspars Osis), “Estoniyada yaşıl texnologiyalar” (Estoniyanın Yaşıl Texnologiyalar Klasterinin nümayəndəsi Raqmar Saksinq), “Finlandiyada yaşıl texnologiyalar” (Satakunta Tətbiqi Elmlər Universitetinin tədqiqat rəhbəri Mikko Pakasela) və “Azərbaycanda yaşıl texnologiyalar” (Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov) adlı təqdimatlar iştirakçılarda böyük maraq yaradıb.

“Yaşıl texnologiyalar naminə birgə iş: Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında ticarət, təhlükəsiz paylaşma və davamlılıq” mövzusunda baş tutan panel müzakirəsi böyük maraqla qarşılanıb. Satakunta Tətbiqi Elmlər Universitetinin Tədqiqat rəhbəri Mikko Pakkaselanın moderatorluğu altında keçən paneldə iştirakçılar bu ölkələr arasında yaşıl texnologiya və təcrübə mübadiləsi, ticarət və idxal imkanlarının artırılması, həmçinin təhlükəsiz əməkdaşlıq mexanizmlərinin təmin edilməsi üçün tətbiq edilən texnologiyalar, iqlim hədəflərinə töhfə haqqında geniş müzakirələr aparıblar.

Forumun sonunda əvvəlcədən tərtib edilmiş cədvələ uyğun olaraq 15 şirkətin iştirakı ilə 15 masa ətrafında B2B görüşlər keçirilib. İştirakçılar üçün yaradılmış networking imkanı yeni əlaqələrin qurulması və müasir işgüzar mühitin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib. 

“Bu cür beynəlxalq tədbirlər, Azərbaycan və Baltik ölkələri arasında daha sıx əməkdaşlığın inkişaf etdirilməsi üçün mükəmməl bir platforma təqdim edir, eyni zamanda regionda yaşıl texnologiyaların inkişafına dair yeni perspektivlər açır. Forum iştirakçıları yeni layihələr və imkanlar haqqında müzakirələr apararaq, davamlı inkişaf hədəflərinə doğru birgə addımlamağın əhəmiyyətini bir daha təsdiqlədilər”, - deyə Rasim Mahmudov vurğulayıb.

Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib. Keçən ildən başlayan layihə növbəti 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə “Caspian Energy Club”ın fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 123 times