Cümə axşamı, 08 Avqust 2024 10:35

Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək

Bildiyiniz kimi, 16-23 sentyabr tarixlərində Azərbaycanda "Green Energy Transition" mövzusunda "Caspian Investment Week" elan edilib. “Caspian Investment Week” çərçivəsində Bakıda 18 sentyabr 2024-cü il tarixində “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə 12-ci Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci il dönümünə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunacaq 12-ci Beynəlxalq “Caspian Energy Forum”un əsas mövzuları “Əsrin müqaviləsi”nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması, Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropaya dayanıqlı nəqli, Orta Dəhliz üzərində yerləşən ölkələrin “yaşıl iqtisadiyyat”a keçidi, “Yaşıl Qarabağ”a və enerji dayanıqlılığına həsr olunacaq.

“Məqsədimiz regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Orta Dəhliz ölkələrinin “yaşıl dünya” naminə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticələri, regionda “yaşıl” layihələrə investorların cəlb olunması, dövlət və özəl sektorlarda həyata keçirilən “yaşıl” layihələri beynəlxalq arenada tanıtmaqdır”, – deyə Telman Əliyev qeyd edib.

Telman Əliyevin sözlərinə görə, 12-ci Beynəlxalq “Caspian Energy Forum” sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 500-dən artıq deleqat iştirak edəcək.

“Azərbaycanda fəaliyyət göstərən şirkətləri 12-ci Beynəlxalq “Caspian Energy Forum”da deleqat və ya sponsor qismində iştirak etməyə dəvət edirik. Ümid edirəm ki, 12-ci Beynəlxalq “Caspian Energy Forum” həm Azərbaycan, həm də region üçün böyük əhəmiyyət kəsb edən proseslərin həlli üçün əsaslı addımların atılmasına töhfə verəcək”, – Telman Əliyev vurğulayıb.

 “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 362 times Last modified on Cümə axşamı, 08 Avqust 2024 06:36