“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin istismarında olan məhdudiyyətsiz üzmə imkanlarına malik “Aframax” tipli növbəti tankeri donanmasına daxil edib.
ASCO-dan bildirilib ki, tankerin təhvil-təslimi ilə bağlı ASCO və “Capital Maritime and Trading Corp” şirkətinin nümayəndələri arasında müvafiq sənədlər imzalanıb.
Qeyd edək ki, bu gəmi müqavilə əsasında 3 illik müddətə Braziliyanın milli neft-qaz şirkəti olan “Petrobras”a taym-çarterə verilib. Beləliklə, onun həmin dövrdə istismarı təmin edilib. Təhvil-təslimdən sonra tanker ilk yükünü Braziliyadan Sinqapur və Malayziyaya çatdırıb. Yaxın günlərdə onun Malayziyadan Səudiyyə Ərəbistanına doğru növbəti səfəri planlaşdırılır.