Bazar ertəsi, 16 Sentyabr 2024 08:38

AİB Sumqayıt-Yalama dəmir yolunun bərpasına 130 milyon ABŞ dollardan çox vəsaiti ayırıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Şimal-Cənub dəhlizinin əsas hissəsini təkmilləşdirmək və regional əlaqələri gücləndirmək məqsədilə 131,5 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib.

Bu barədə “Caspian Energy Media” AİB-ə istinadən xəbər verir.

Vəsait Sumqayıt-Yalama hissəsində mülki tikililər və dəmir yolu keçidləri də daxil olmaqla 166 kilometrlik ikixətli magistralın bərpasının tamamlanmasına yönəldiləcək. Bu kredit ölkədə dəmir yolu əməliyyatlarının modernləşdirilməsinə yönəlmiş və 2017-ci ildə təsdiqlənmiş Dəmir Yolu Sektorunun İnkişafı Proqramına əlavə maliyyələşdirmədir.

“Dəmir yolu infrastrukturunun modernləşdirilməsi təhlükəsizliyi və enerji səmərəliliyini artıracaq və nəqliyyat xərclərini azaldacaq. Bundan əlavə, bu, Azərbaycanın Avropa və Asiyanın kəsişməsindəki strateji mövqeyini gücləndirəcək”, - AİB-in Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.

Read 219 times