Cümə axşamı, 01 Fevral 2024 06:48

Rövşən Mehdiyev Caspian Energy Club Kyrgyzstan-ın sədri vəzifəsinə təyin olunub.

Mehdiyev Rövşən Vaqif oğlu Caspian Energy Club Kyrgyzstan nümayəndəliyinin sədri vəzifəsinə təyin olunub. Bu barədə Caspian Energy Club International-ın İdarəedici direktoru Günel Quliyeva bildirib.

 

“Mən Caspian Energy Club-un Ali Rəhbərliyi adından Rövşən Mehdiyevi yeni təyinat münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar arzu edirəm. Rövşən Mehdiyev Qırğızıstan ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edəсək, klubun müxtəlif layihələrini idarə edəcək, B2G və B2B forumlar, biznes-turlar, dəyirmi masalar və digər ənənəvi formatlarda tədbirlər təşkil edəcəkdir. Caspian Energy Club Kyrgyzstan nümayəndəliyimizin Qırğızıstanın iqtisadiyyatının dayanıqlı inkişafına öz töhfəsini verəcəyinə əminik”, - deyə Günel Quliyeva vurğulayıb.

 

Rövşən Mehdiyev ona göstərilən yüksək etimada görə Caspian Energy Club-un Ali Rəhbərliyinə öz minnətdarlığını bildirib. “Orta Dəhliz ölkələrinin şirkətlərini birləşdirən Klubun Qırğızıstan nümayəndəliyinin sədri olaraq həm bu ölkələrlə, həm də Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrin sahibkarları və Qırğızıstan sahibkarları arasında əlaqələrin inkişafı, networking-in genişləndirilməsi, iqtisadi fəaliyyətin dərinləşməsi üçün səylərimi əsirgəməyəcəyəm. Sədrlik dövrümdə komandamla birlikdə Qırğızıstanda istehsal olunan xidmət və məhsulları beynəlxalq bazarlara çıxarmaq, beynəlxalq investorları Qırğızıstan bazarına cəlb etmək üçün tədbirlər və müxtəlif layihələr həyata keçirməyi planlaşdırıram”, - Rövşən Mehdiyev bildirib.

 

O, ilk növbədə Azərbaycan, daha sonra isə Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələr və Qırğızıstan arasında iqtisadi-ticari əlaqələrin inkişafı məqsədilə, bu ölkələrin sahibkarlarının aktiv iqtisadi mübadiləsi üçün logistika sahəsinin təkmilləşməsinə dəstək olacağını bildirib.

 

“Azərbaycan və Caspian Energy Club-un fəaliyyət dairəsində olan ölkələr arasında ticari potensialı artırmaq üçün iş adamlarının Qırğızıstandakı aktiv ticari  fəaliyyətinə komandamla birlikdə bütün istiqamətlərdə dəstək verəcəyəm. Sözügedən ölkələrin iş adamları üçün, rəhbəri olduğum "Union Logistik" yükdaşıma şirkətinin Qırğızıstanın "Bişkek" Azad İqtisadi Zonasında qazandığı sərbəst bölgə statusundan yararlanmağı üçün şərait yaradacağam, həmçinin Azərbaycan məhsullarının azad iqtisadi (Bişkek) zona üzərindən Orta Asiya və Çin Xalq Respublikasına ixracını təşkil edəcəyəm,” - Rövşən Mehdiyev qeyd edib və əlavə edib ki, Qırğızıstan iş adamlarının Caspian Energy Club-a üzv olmalarını təmin etmək üçün əlindən gələni əsirgəməyəcək.

 

“Bundan əlavə, biz tarixi İpək yolunun ölkəmizin tranzit potensialının artması üçün xidmət göstərməsinə öz töhfəmizi verəcəyik,” - deyə Rövşən Mehdiyev yekunlaşdırıb.




Rövşən Vaqif oğlu Mehdiyev, 1984-cü ildə anadan olub.

 

İş fəaliyyətinə 2001-ci ildə “Səhyalı” şirkətində başlayıb. 

 

2005–ci ildə həqiqi hərbi xidmətini başa çatdırıb. 

 

2005-2011-ci illər ərzində Azərbaycan Respublikasında müxtəlif sahələrdə biznes fəaliyyəti ilə məşğul olub. 

 

2011-ci ildən Çin Xalq Respublikasında Logistika (yükdaşıma) sahəsində fəaliyyət 

göstərib. 

 

2013-cü ildə Çin Xalq Respublikasında təsis edilmiş “FALSON” şirkətinin təsisçisi və rəhbəridir. 

 

2015-ci ildə Qırğızıstan Respublikasında təsis edilmiş “BROK MAGİSTR” şirkətinin 

təsisçisi və rəhbəridir. 

 

2015-ci ildə Qazaxıstan Respublikasında təsis edilmiş “UNION LOGISTICS GROUP” şirkətinin təsisçisi və rəhbəridir.

 

2018–ci ildə Rövşən Mehdiyevin rəhbərliyi altında Çin Xalq Respublikasında “ZHEL DOR  EKSPEDİCİYA” şirkəti təsis edilmişdir. 

 

2019-cu ildə Türkiyə Respublikasında təsis edilmiş “AEMİ” şirkətinin təsisçisi və rəhbəridir.

 

2022-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş “UNION LOGISTICS” şirkətinin təsisçisi və rəhbəridir. 

 

2022-ci ildə Çin Xalq Respublikasında Rövşən Mehdiyevin rəhbərliyi altında “YİWU SHİZHOU FREİGHT FORWARDİNG CO.,LTD” şirkəti təsis edilmişdir. 

 

2023-cü ildə Rövşən Mehdiyevin rəhbərliyi altında Qırğızıstan Respublikasında “UNION LOGISTICS” şirkəti təsis edilmişdir.

 

2017–ci ildə “Qırğızıstan Sport Federasiyası” tərəfindən, 2021-ci ildə Qırğızıstan İnvestisiya Nazirliyi tərəfindən, 2021-ci ildə “Türk Gənc İş Adamları Dərnəyi “TÜGİAD” təşkilatı tərəfindən müxtəlif mükafatlarla təltif olunub. 

 

Ailəlidir, iki uşağı var . 

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

 

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 935 times