Aprelin 23-də Azərbaycan Respublikasının maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının üzvü Sahil Babayev bankın Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktor xanım Rachel Thompson ilə onlayn formatda görüş keçirib.
Görüşdə Azərbaycan ilə AİB arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb, hazırda müzakirə mərhələsində olan 2025–2029-cu illər üzrə AİB-in Ölkə Tərəfdaşlığı Strategiyası, hökumətin prioritetlərinə əsaslanan layihələr üzrə gələcək kreditləşdirmə proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı, gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bu barədə “Caspian Energy Media” Maliyyə nazirliyinə istinadən xəbər verir.