Tuesday, 05 November 2024 16:43

İKTA ilə “Caspian Energy Club”ın rəhbərliyinin görüşü keçirilib

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) “Caspian Energy Club”ın rəhbərliyi ilə görüş keçirilib. Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən bildirilib.

Tədbiri giriş sözü ilə açan agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, İKTA-da ilk dəfə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb. Məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsinin tənzimləyici çərçivəsinin mövcud statusu barədə geniş auditoriyanın, biznes nümayəndələrinin və ekspertlərin məlumatlandırılması və maarifləndirilməsi üçün biznes bələdçisinin hazırlanmasıdır. Aparılmış təhlil Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının və İKTA-nın rəsmi saytında dərc olunub. Bu isə qeyd edilən sahədə həm biznes nümayəndələrinin, həm də ekspertlərin işinin asanlaşmasına səbəb olacaq.

Görüşdə ötən ilin noyabrından istifadəyə verilən “E-Şikayət” sisteminə 3000-dən artıq müraciətin daxil olduğu qeyd olunaraq, daxil olan şikayətlərin sayı, bazar payına mütənasibliyi, operator və provayderlər tərəfindən icra müddətlərinin dövri olaraq provayder və operatorlara şəxsi kabinetləri vasitəsilə göndərildiyi bildirilib. Bunun isə operator və provayderlərin şikayətlərin icra səviyyəsini yaxşılaşdırması ilə nəticələndiyi diqqətə çatdırılıb.

Həmçinin qeyd edilib ki, artıq iki ildir fəaliyyət göstərən agentlikdə mütəmadi olaraq müxtəlif biznes strukturları, konsaltinq şirkətləri, yerli və beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçirilir, onların təklifləri toplanaraq aidiyyəti üzrə tətbiqi həyata keçirilir.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Azərbaycanda biznes mühitinin inkişafı üçün münbit şərait yaradıldığını, bu səbəbdən də həm yerli, həm də xarici investorların ölkəmizə marağının artdığını vurğulayıb. Belə ki, nəticədə bir sıra xidmət sahələri kimi, telekommunikasiya sahəsində də təqdim edilən xidmətlərdən istifadə imkanları genişlənib.

Qonaqlar, eyni zamanda İKTA tərəfindən istifadə edilən “Ookla” şirkətinin “Speedtest İntelligence” onlayn monitorinq sisteminin fəaliyyəti ilə tanış olublar. Sistem üzərindən ölkənin müxtəlif ərazilərində fərqli provayder və operatorların internet xidmətlərinin performans və digər keyfiyyət göstəriciləri müqayisəli olaraq nümayiş etdirilib, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışılıb. 

Görüş zamanı telekommunikasiya sahəsində biznes subyektləri üçün yarana biləcək suallara aydınlıq gətirmək üçün İKTA rəhbərliyi ilə “Caspian Energy Club” üzvlərinin onlayn və birbaşa görüşlərinin keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Read 144 times Last modified on Tuesday, 05 November 2024 13:17

 

NEWS