Friday, 27 September 2024 10:12

Niderland Krallığı Azərbaycanda yeni biznes tərəfdaşları tapmaq niyyətindədir

“Biz, yeni biznes tərəfdaşları tapmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə, Niderlandın su missiyasını Azərbaycana dəvət etdik. Forumun panellərindən biri Niderlandın zəngin təcrübəsinə həsr olunacaq və burada Niderlandın su təşkilatlarının nümayəndələri çıxış edəcəklər. Bu missiyanın reallaşması üçün biz, Niderlanddakı “Export Partner” və Azərbaycandakı “Aqualink” MMC ilə sıx əməkdaşlıq edirik,” - deyə Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pauline Eizema, “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə keçirilən IV “Su İnnovasiya Forum”unda vurğulayıb.

Səfir, bu missiya vasitəsilə, həmçinin Niderlandın “Triple Helix” iqtisadi modelinin dəyərlərini təbliğ etdiklərini vurğulayıb. Bu model, hökumət, biznes və təhsil müəssisələrinin birgə fəaliyyətini təşviq edir. “Biz, “Nijhuis Saur Industries”, “Royal Haskoning DHV”, “SlamDam” və “Spaans Babcock B.V.” kimi tanınmış Niderland şirkətləri ilə yanaşı, “IHE” Delft Su Təhsili İnstitutu  və “Wageningen” Universiteti kimi prestijli tədqiqat institutlarını da bu missiyaya cəlb etməyə çalışırıq, məqsədimiz isə bütün maraqlı tərəfləri — vətəndaş cəmiyyəti, hökumət və tətqiqatçıları — fəal iştirak etməyə dəvət etməkdir”, - səfir Pauline Eizema qeyd edib.

Xatırladaq ki, IV “Xəzər Su İnnovasiya Forum”u regionda su təəssərrüfatının effektiv idarəedilməsi, yeni texnologiyaların tətbiqi, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün müzakirə və əməkdaşlıq platforması yaratmağı hədəfləyir. Tədbirdə, su ehtiyatlarının qorunması, ekoloji sistemə təsirlərin minimuma endirilməsi və təbii ehtiyatların səmərəli istifadəsi ilə bağlı müzakirələr aparılıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 “Aqualink” şirkəti peşəkar su mühəndisliyi və kimyəvi maddələrin təchizatı sahəsində 2010-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət su, çirkab su təmizləmə sistemləri, suların fiziki və kimyəvi təmizlənməsi, təkrar emalı, mühəndisliyi, nasos və nasos stansiyaların quraşdırılması sahəsində uzunillik təcrübəyə və ixtisaslaşmaya malikdir.

“Aqualink şirkəti” ölkədə ən geniş sahəvi nümayəndəliklərə və beynəlxalq səviyyədə tanınarlığa malikdir. Şirkət 53-dən artıq beynəlxalq su və kimya texnologiyaları və həlləri təqdim edən şirkətlərin regionda rəsmi tərəfdaşı və eksklüziv nümayəndəsidir.

 “Aqualink” şirkəti idarəetmədə beynəlxalq keyfiyyət siyasətini tətbiq etməklə şirkət daxili və şirkət xarici xidmətlərinin yüksək səviyyədə tətbiqini həyata keçirir. Şirkətimiz İSO 9001:2015,  ISO 14001: 2015 sertifikatlarına malikdir.

Read 248 times Last modified on Friday, 27 September 2024 10:13

 

NEWS