Wednesday, 21 August 2024 15:04

Alman və fransız şirkətləri Xəzərdə terminal gücünün artırılmasını planlaşdırır

Xarici şirkətlərin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TITR) artan marağı Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən qeyd olunub.

“Caspian Energy Media” AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepov bununla bağlı bildirib: “Xarici investorlar gəmiqayırma sahəsinə, Qazaxıstan limanlarının infrastrukturuna investisiya qoymağa və hətta öz gəmilərini gətirməyə hazırdırlar”.

Onun sözlərinə görə, Niderland şirkəti yüklərin daşınması üçün təkcə öz gəmilərindən istifadə etməyi deyil, həm də respublikada bərə və konteyner gəmilərinin istehsalını yaratmağı planlaşdırır.

Almaniyanın RINUS və Fransanın CMA CGM nəqliyyat şirkətləri Aktau limanında terminal qurğularının yaradılmasında maraqlıdır. Birləşmiş Ərəb Əmirliyinin “Abu Dhabi Ports” şirkəti Qazaxıstan tərəfi ilə birlikdə Kurık limanında əlavə terminal tikmək imkanını nəzərdən keçirir.

Özbəkistan da Orta Dəhliz marşrutu ilə yüklərin tranzitinə maraq göstərir. Kurık limanı vasitəsilə bu ölkənin yük maşınları ilə ağır tonnajlı avtomobillərin tranziti il ərzində 63 faiz artıb.

Nəqliyyat Nazirliyinin proqnozlarına görə, 2029-cu ilə qədər dəhlizin ötürücülük qabiliyyəti iki dəfə - ildə 6 milyon tondan 10 milyon tona qədər arta bilər.

Read 112 times

 

NEWS