Tuesday, 02 July 2024 12:25

CEO MeetUp Logistics & Trade keçiriləcək

İyulun 11-də “Caspian Energy Club”ın və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası təşkilatçılığı ilə CEO MeetUp Logistics &Trade baş tutacaq. Bu barədə “Caspian Energy Club”ın sədrinin birinci muavini və qrupun baş maliyyə direktoru Rasim Mahmudov bildirib.

Tədbir çərçivəsində ixrac (prosedurlar, coğrafiya, gözləntilər), idxal, distribusiya, logistika şirkətləri ilə işdə istehlakçıların təcrübəsi, həmçinin, nəqliyyat ekspedisiyası, anbar menecmenti, avtodaşınmalar və logistikada sığortanın əhəmiyyəti kimi mövzular müzakirə olunacaq.

Müzakirələrdə aqrosənaye, qida və inşaat sahəsində, eləcə də iqtisadiyyatın digər sektorlarında ixrac-idxal əməliyyatları ilə məşğul olan şirkət rəhbərləri, həmçinin logistika, anbara yerləşdirmə, gömrük rəsmiləşdirilməsi sahəsində fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri iştirak edəcəklər.

“Tədbir logistika xidmətində istehsalçı və istehlakçı arasında daimi və səmərəli dialoqun qurulması, iqtisadiyyatın bu sektorunda xidmətin optimallaşdırılması və təkmilləşdirilməsi baxımından faydalı platformaya çevriləcək ”, - deyə Rasim Mahmudov bildirib.

Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri Kamran Həbibovun sözlərinə görə isə, görüşdə logistika üzrə müxtəlif sahələrdə bütün səviyyələrdən olan mütəxəssislərin bir araya gəlməsi ilk növbədə çox böyük networking imkanı yaradacaqdır. Həmçinin iş prosesi əsnasında qarşıya çıxan mövcud problemlərin həlli yollarının müzakirəsi, təcrübə mübadiləsi və digər məsələlər görüşün məhsuldar keçməsinə şərait yaradacaqdır.

Read 43 times Last modified on Tuesday, 02 July 2024 11:15

 

NEWS