Wednesday, 05 June 2024 17:00

Bakıda Bakı Enerji Forumu keçiriləcək

5-6 iyun tarixlərində ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən olan 29-cu Bakı Enerji Forumu keçiriləcək.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bundan başqa, Foruma Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dəstək göstərir. OPEC-in Baş katibi Haysam Əl-Qays bu il Bakı Enerji Forumuna salamlama məktubu göndərib.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumu öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edəcək. Son 29 ildir ki, Forum bu sektorun əsas oyunçularını və liderlərini bir araya toplayır, eləcə də, enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dən çox deleqat iştirak edəcək. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstraliya, Belçika, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, İsveçrə, İraq, İtaliya, Macarıstan, Norveç, Qazaxıstan, Qətər, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistan, Sloveniya, Türkiyə və Yaponiyadan olan şirkətlər daxildir. Bu il forumun proqramında rekord sayda 81 spiker yer alacaq.

Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaqdır.

Forumun gündəliyinə daxil olan əsas mövzular enerji təhlükəsizliyi, enerji keçidi və yaşıl enerji layihələrinin müzakirəsi və maliyyələşdirilməsidir. İki gün davam edəcək tədbirə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşdırma”, “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular müzakirə olunacaqdır. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi  qonaqlar dəvət olunub. Sessiyalarda Böyük Britaniya, Macarıstan, Bəhreyn, İraq, Sloveniya, Əlcəzairdən nazirlər, o cümlədən Avropa Komissiyası, Qaz İxrac Edən Ölkələr Forumu (GECF), Beynəlxalq Bərpa Olunan Mənbələr Agentliyi (IRENA) və digər beynəlxalq təşkilatların rəhbərləri çıxış edəcəklər.

Forumun proqramında, Azərbaycanda yaşıl enerji resurslarının inkişafına dair müzakirələr də yer alacaq. Bakı Enerji Forumu öz növbəsində, “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq etmək üçün bir platforma rolunu oynayacaq.

Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutacaq. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” prinsipinə sadiq qalaraq, 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.

Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində “MiniBoss” məktəbinin tələbələrinin “Ecoleaf” adlı startapı nümayiş olunacaq. Startapın ideyası başlıq hissəsində toxum olan qələmlər və tərkibində bitki toxumu olan qeyd dəftərləridir. Forumda iştirak edən nümayəndələrə də bu ekoloji təmiz məhsullar təqdim olunacaq.

Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi ekoloji konseptdə inşa edilmişdir. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istifadəsinə sərf olunan xərclər azaldılmışdır.

Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.

İllərdir sənayenin inkişafına önəmli töhfəsini verməyi bacaran Bakı Enerji Forumu ölkəmizdə qabaqcıl təcrübə və yeni ideyaların mübadiləsində mühüm rol oynayır. Forumlarda müzakirə olunan mövzular həll edilməli olan problemləri müəyyənləşdirir, eləcə də onların həlli yollarını təklif edir. Forumlarda qəbul edilən qərarlar müəyyən standartların və strategiyaların formalaşmasına təsir göstərir. Bundan əlavə, forum şəbəkələri genişləndirməyə, tərəfdaşlıq əlaqələri qurmağa və əməkdaşlıq üçün yeni imkanlar yaratmağa kömək edir.

Tədbir çox sayda sponsorları cəlb edib. Baş tərəfdaşı SOCAR olan Bakı Enerji Həftəsinin builki sponsorları “ABB”, “ACWA POWER”, “ADNOC”, “AIQ”, “Ansaldo Energia”, “AZFEN”, “Baku Steel Company”, “bp”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “GAP Construction”, “GL”, “INPEX”, “KOLIN Construction”, “Masdar”, “MOL Group”, “Nobel Energy”, “Photomate (Huawei)”, “Saudi Aramco”, “SEA BREEZE”, “SLB”, “TEKFEN”, “TotalEnergies”, “Türkiye Petrolleri”, “Uniper”, “Ural Steel”, “Wolters Kluwer (Enablon)” və «Wood» şirkətləridir. Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group”, konsaltinq tərəfdaşı qismində isə  “Deloitte & Touche” şirkəti çıxış edir.

Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Bakı Enerji Həftəsi ötən il olduğu kimi 2024-cü ildə də Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.

Bakı Enerji Həftəsi və Bakı Enerji Forumu haqqında ətraflı məlumatları www.bew.azwww.bakuenergyforum.az, saytlarından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Read 88 times Last modified on Thursday, 06 June 2024 07:07

 

NEWS