Friday, 31 May 2024 10:08

Caspian Energy Club üzvləri Estoniyanı ziyarət ediblər

29-30 may tarixlərində Caspian Energy Club üzvləri Estoniyanın paytaxtı Tallini işgüzar səfərlə ziyarət ediblər. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.

29 may tarixində Caspian Energy Club üzvləri Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, İqtisadi diplomatiya şöbəsinin Təhsil üzrə xüsusi səfiri Kaili Terras və özəl sahibkarların iştirakı ilə baş tutan Demo Day-ə qatılıblar.

“Biz Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab  Anar Məhərrəmova və Estoniya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin rəhbəri cənab Yaak Lensmentə Caspian Energy Club-a göstərdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva qeyd edib.

Tədbirdə çıxış edən Caspian Energy Club-ın Sədri və Qrupun Baş Icraçı Direktoru Telman  Əliyev iki ölkə arasındakı münasibətlərdən söz edib. “LEF network Azerbaijan proqramı sayəsində biz Azərbaycanla Estoniya arasında iqtisadi və ticari əlaqələrin daha da genişlənməsinin şahidi olduq. Biz öz növbəmizdə iki ölkənin özəl sektoru arasında yeni körpülərin yaradılması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Qeyd edim ki, bu səfər çərçivəsində biz İKT və təhsil şirkətlərinin Estoniyaya böyük marağını müşahidə etdik”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman  Əliyev bildirib.

O, həmçinin Caspian Energy Club üzvlərinin və Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Anar Məhərrəmov arasında baş tutmuş görüş haqqında məlumat verib.  “Cənab səfirə bizim heyəti qəbul etdiyinə və bu görüşün çox yüksək səviyyədə təşkil olunduğuna görə dərin təşəkkürümüzü bildiririk. Caspian Energy Club olaraq biz bundan sonra da Azərbaycan və Estoniyada qarşılıqlı marağı olan sahibkarlara dəstək olmağa, ikitərəfli əlaqələrin inkişaf etməsinə dəstək olacağıq”, — Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman  Əliyev əlavə edib.

O, bundan öncə ziyarət edilmiş Latviyada və ziyarət ediləcək Finlandiyada nəinki İKT, təhsil və yaşıl texnologilar üzrə xidmət göstərən şirkətlər üçün, həmçinin Azərbaycanda istehsal olunan müxtəlif növ məhsullar üçün böyük tələb və perspektiv olduğunu qeyd edib. “Növbəti ziyarətlərimizdə biz qeyd etdiyim şirkətləri və məhsulları Latviya, Estoniya və Finlandiya bazarlarına çıxışını təmin etmək üçün əlimizdən gələni edəcəyik”,  — Caspian Energy Club-ın Sədri və Qrupun Baş Icraçı Direktoru Telman  Əliyev deyib.

Görüş əsnasında DreamApply, kood/Jõhvi, Lingvist, SpeakTX, LaavaTech kimi şirkətlərin təqdimatları dinlənilib. Daha sonra tədbir Azərbaycan və Estoniya şirkətlərin iştirakı ilə keçən fərdi B2B görüşlərlə davam edib.

“Estoniya iqtisadiyyatın fərqli sahələrdə fəaliyyət göstərən həmvətənlilərimizlə görüşmək imkanını əldə etdik. Bizim şirkətləri və onların istehsal etdiyi məhsulları xarici bazarda müşahidə etmək çox xoş haldı”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib və əlavə edib ki, səfərə qatılan bəzi şirkətlə Estoniyanın aparıcı təhsil müəssisələrindən olan Tallin Texnoloji Universiteti və Tallin Universitetinin nümayəndələri ilə görüşlərə qatılıblar.

30 may tarixində Caspian Energy Club-ın üzvləri  e-Estonia brifinq mərkəzini ziyarət edərək, Estoniyanın rəqəmsal xidmətlər və nou-hau təcrübəsi ilə yaxından tanış olublar. Qeyd edək ki, mərkəz 2009-cu ildə QHT kimi yaradılmışdır və bu gün Estoniya Biznes və İnnovasiyalar Agentliyinin bir hissəsidir.

Eyni gündə Estoniya Azərbaycan Evi ziyarət edilib. “Təşkilatçılıq üçün biz Estoniyanın Sənaye və Ticarət Palatasına təşəkkür edirik”, — Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva deyib.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 485 times Last modified on Friday, 31 May 2024 12:13

 

NEWS