Monday, 13 May 2024 10:37

Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyaya səfər edəcək

26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində Caspian Energy Club International-ın nümayəndə heyəti Latviya, Estoniya və Finlandiyanı işgüzar səfərlə ziyarət edəcək. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.

Səfərdə 20-dən çox Azərbaycan şirkətinin iştirakı gözlənilir. Səfər Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişafı, biznes tərəfdaşlığın gücləndirilməsi, ikitərəfli münasibətlərin təşviqi məqsədini daşıyır. Qeyd edək ki, ziyarət müddəti ərzində Azərbaycanın özəl sektorunu təmsil edən nümayəndələrlə Latviya, Estoniya, Finlandiya iş adamları arasında B2B görüşlər və Demo Day təşkil ediləcək. Forum əsnasında Azərbaycan və Mərkəzi Baltik ölkələrini təmsil edən şirkətlər arasında memorandumların və əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.

Günel Quliyeva bildirib ki, 10 - 14 mart tarixində Azərbaycanı işgüzar səfərlə ziyarət  etmiş Latviya, Estoniya və Finlandiyanı təmsil edən iş adamları üçün bir sıra biznes turlar və B2B görüşlər təşkil olunmuşdur. Belə ki, Caspian Energy Club tərəfindən yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər üçün Baku Water Week-ə, təhsil sahəsində fəaliyyət göstərən şirkətlər üçün Avropa Azərbaycan Məktəbinə, Latviyanın Latviya Universitetinin nümayəndə heyəti üçün isə ADA Universitetinə ziyarət təşkil olunmuşdur.

“26 may - 2 iyun tarixlərində nəzərdə tutulmuş səfər çərçivəsində bir sıra B2B görüş və biznes turların keçirilməsi gözlənilir. Əminik ki, görüşlərdə iştirakı planlaşdırılan bütün sahibkarlar LEF Network Azerbaijan layihəsindən faydalanaraq fəal əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə nail olacaqlar“, - Günel Quliyeva bildirib.

“LEF Network Azerbaijan layihəsinin tərəfdaşları tərəfindən Azərbaycanın iqtisadiyyatına  olan maraq olduqca böyükdür. Daha öncəki səfər çərçivəsində keçirilən görüşlər əsnasında xarici ölkələrdən olan tərəfdaşlarımız Azərbaycanın biznes mühitiylə yaxından tanış olmuş, ölkədə keçirilən islahatları,  özəl sektor üçün yaradılmış şəraiti yüksək  qiymətləndirmiş, bu islahatların ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyini bildirmişlər. Səfər iştirakçıları üçün sənaye müəssisələrinə və azad iqtisadi zonalara təşkil olunmuş biznes turlar nəticəsində  Latviya, Estoniya və Finlandiya iş adamları Azərbaycanda mövcud olan ticari-iqtisadi imkanların, əlverişli biznes mühitinin, ölkəmizin dayanıqlı iqtisadi inkişafının şahidi olmuşlar”, - deyə Günel Quliyeva xüsusi vurğulayıb.

Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 

Read 532 times Last modified on Monday, 13 May 2024 06:48

 

NEWS