Çərşənbə, 13 May 2020 08:47

Elmir Vəlizadənin sədrliyi ilə Onlayn “B2G Forum” keçirildi

“Caspian European Club”ın təşkilatçılığı ilə onlayn “B2G Forum” keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutmuş forumda ölkəmizin informasiya-kommunikasiya texnologiyaları, eyni zamanda nəqliyyat sahəsini təmsil edən dövlət qurumlarının və kommersiya şirkətlərinin nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində “COVİD-19” koronavirus pandemiyası nəticəsində zərərçəkmiş şirkətlərin problemləri müzakirə olunub. Pandemiyanın istər informasiya-kommunikasiya texnologiyaları, istərsə də nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini azaltmaq məqsədilə dövlət tərəfindən göstərilən dəstəkdən danışılıb.

Nazir müavini Elmir Vəlizadə çıxışında ölkə rəhbərliyi tərəfindən Azərbaycanı regional nəqliyyat habına çevirmək məqsədinin qarşıya qoyulduğunu bildirib. Eyni zamanda söyləyib ki, bu dövr çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “Azcloud” bulud infrastrukturu sayəsində “Servis olaraq videokonfrans” (VCaaS) xidməti Azərbaycanda da ilk dəfə olaraq həyata keçirilməyə başlanılıb. “Artıq istənilən şirkət və ya qurum məsafənin uzaqlığından asılı olmayaraq istər qlobal, istərsə də respublika səviyyəli fasiləsiz videotoplantılar keçirərək fəaliyyətinin yüksək səviyyədə davam etməsinə nail ola bilər. “AzInTelecom”un texniki və texnoloji dəstəyi, funksional sistemin düzgün qurulması sayəsində koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq videokonfranslarda davamlı və keyfiyyətli canlı bağlantı yaradılır, bulud texnologiyaları əsasında görüş keçirilir”. Onun sözlərinə görə,Azərbaycanda İKT sektorunun ölkə iqtisadiyyatında rolu istənilən şəraitdə, eləcə də pandemiya dövründə çox önəmlidir.

Eyni zamanda, ölkəmizin tranzit imkanları və infrastrukturundan söz açan nazir müavini mövcud infrastrukturun yerli, o cümlədən xarici nəqliyyat və logistika şirkətlərinə bütün istiqamətlər üzrə yükdaşımaları həyata keçirməyə imkan verdiyini qeyd edib. Nazir müavini ona ünvanlanan sualları cavablandırıb.

 

Videotədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də iştirak ediblər. 

“Caspian European Club”un sədri Telman Əliyev üzv şirkətlərin top-menecerləri adından açıq müzakirələrə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Caspian European Club” tərəfindən yaradılmış “B2G Forum” beynəlxalq biznes-netvorkinq üçün unikal platforma rolunu oynayır. Bu videoforumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər – Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən şirkət rəhbərlərinə yeni işgüzar əlaqələr qurmaq imkanını təqdim edir. “B2G Forum”lar aprelin 22-dən etibarən hər həftə onlayn rejimdə keçirilir. Məqsəd Azərbaycanda və “Caspian European Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaq, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaq və bu tədbirlərdə istənilən dövlət və özəl sektor əməkdaşlarının fəal iştirakını təmin etməkdir.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda iştirak etməkdən ibarətdir.  Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

 

Read 8935 times
НОВОСТИ