Çərşənbə axşamı, 10 Dekabr 2019 06:13

Azərbaycanda “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməli qoyulmuşdur

9 dekabr 2019-cu il, Bakı –9 dekabr tarixində “Zabrat” aeroportunun ərazisində Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməlqoyma mərasimi keçirilmişdir.

Yeni “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi” mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə “Rusiya Vertolyotları” səhmdar cəmiyyəti ilə birlikdə həyata keçiriləcək.

Müvafiq saziş AZAL prezidenti Cahangir Əsgərov və “Rusiya Vertolyotları” ASC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanmışdır.

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak etmişdirlər.

Tikinti üçün ayrılmış ərazi ilə tanışlıqdan sonra rəsmi təməlqoyma mərasimi keçirilmiş, tədbirin iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdirmişdirlər.

“Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi siyasətinin davamıdır. Mərkəz Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək, həmçinin yüksək kvalifikasiyalı mütəxəssislər üçün yeni iş yerləri yaradacaq və ölkənin müxtəlif məqsədlər üçün istifadə olunan vertolyot parkını əhatə etmək ilə yanaşı gələcək Servis Mərkəzində təmir üçün Rusiya helikopter avadanlıqlarının regional operatorlarını da cəlb edəcək.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı vertolyotun təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.

Read 887 times Last modified on Çərşənbə axşamı, 10 Dekabr 2019 06:32
anniversary
OLDNEW
НОВОСТИ