Cümə, 24 Yanvar 2025 11:36

İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsi ilə birgə fəaliyyətin perspektivləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA prezidenti Orxan Nəzərli İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi ilə videoformatda görüş keçirib.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün strateji imkanlar, vergi sahəsində əlaqələrin təşviqi və beynəlxalq münasibətlərin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məsələlərinə toxunublar. İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tətbiq etdiyi həllər, vergi uyğunluğu, məlumat mübadiləsi, gəlir vergisinə yanaşma, rəqəmsal vergi mexanizmləri kimi təcrübələr barədə fikir mübadiləsi aparılıb.

Görüşdə tərəfdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün iqtisadi faydaları vurğulanıb. Tərəflər vergi sistemində tətbiq edilən yeniliklərin biznes təcrübələrinin transformasiyasına və investisiya mühitinə töhfələri barədə fikirlərini bölüşüblər.

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Read 14 times